BAKI, 22 sentyabr — Sputnik. "Ultra" Production istehsalı olan "Məhvolma" qısametrajlı bədii filmi festival səyahətini davam edir. "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, dünya premyerasını Busan Beynəlxalq Film Fetsuivalında (Koreya) edən "Məhvolma" filmi daha sonra Asiya Beynəlxalq Kino Həftəsində (Çin), Los Anceles Cənub-Şərqi Avropa Filmləri Festivalında (ABŞ), "Land of Short Films" Beynəlxalq Film Festivalında (Qırğızıstan) iştirak edib. Filmin Avropa premyerası isə oktyabr ayında Linz Beynəlxalq Qısametrajlı Film Festivalında (Avstriya) olacaq.
Filmdəki hadisələr rəssam, qəflətən rəssamın həyatına girən oğlan və hadisəni araşdıran polis arasında baş verir. Yarasından qan axan oğlan özünü rəssamın emalatxanasına atır. Rəssam qız ona kömək etməyə çalışır.
Bu vaxt hadisə yerinə polis gəlir, rəssamı sorğu-suala tutmağa başlayır. Reallıq isə getdikcə təhrif olunur. Əsas rollarda Vüsalə Ağayeva, Asiman Ağa Rövşən, Rahib Məmmədzadə, Nurlan Həsənli çəkiliblər.
Filmin rejissoru və ssenari müəllifi İqor Smola, quruluşçu operatoru Natiq Hüsiyev, rəssamı Aysel Əmirova, prodüserləri Emil Nəcəfov, Elvin Adıgözəl, İqor Smola və Yekaterina Bordaçovadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.