BAKI, 21 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin BMT Baş Assambleyasında iqlim dəyişikliyi ilə bağlı dediyi sözlər Qərb ölkələrinin rəğbətini qazanmaq məqsədini daşıyır.
Bu fikri "Fox News" kanalının aparıcısı Cessi Uoters "YouTube"da dərc olunan xəbər buraxılışında bildirib.
Ukrayna lideri çıxışı zamanı orada olanlara iqlim böhranını xatırladıb. Uotersə görə, Zelenski bu yolla "BMT üzvlərinə eşitmək istədiklərini söyləməyə" çalışıb.
"Görünür, o, sadəcə olaraq Ukraynaya Qərbdən sabit və güclü dəstək qazanmağa çalışır. Bu məqsədlə də Qərbin dilində danışır və onun "yaşıl Allahına" müraciət edir", - deyə aparıcı ironiya ilə qeyd edib.
Bundan əvvəl Dövlət Dumasının Krım Respublikasından olan deputatı Mixail Şeremet Zelenskinin BMT Baş Assambleyasındakı çıxışını biabırçılıq adlandırıb. Onun sözlərinə görə, beynəlxalq təşkilat dövlətlərarası səviyyədə qalmaqallar, çəkişmələr və maliyyə münasibətlərinin aydınlaşdırılması səviyyəsinə düşüb.
Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətlərinə görə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik də Ukrayna liderinin BMT-dəki çıxışını "saxta ştamplar toplusu" adlandırıb.