BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsullarının Rusiya və Gürcüstana ixracına hazırlıq gedir.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) məlumat yayıb.
Məlumata görə, qurumun operatoru olduğu "Azexport" portalı növbəti dəfə Sərbəst Satış Sertifikatları ("Certificate of Free Sale") təqdim edib. Bu sənədlər ölkə prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun olaraq təqdim olunub, ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayına kimi 659 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi "Made in Azerbaijan" məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika, Asiya, Avropa, Okeaniya və Körfəz ölkələrinə ixracını asanlaşdırıb.
Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.