BAKI, 20 sentyabr - Sputnik. Qərb Minsk razılaşmalarının icrasını pozub və buna görə də “Ukraynanın dağılmasına” və orada vətəndaş müharibəsinin qızışdırılmasına görə birbaşa məsuliyyət daşıyır. TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.
“Minsk razılaşmalarının icrasını pozan Qərb Ukraynanın dağılmasında və orada vətəndaş müharibəsinin qızışdırılmasında birbaşa məsuliyyət daşıyır”, - deyə nazir bildirib.
Diplomat qeyd edib ki, Qərb BMT Nizamnaməsinin tələblərinə əsaslanan substantiv söhbətdən yayınır, Ukrayna məsələlərində dürüst dialoq üçün heç bir arqumenti yoxdur:
"Qərb faktlara əsaslanan substantiv söhbətdən və BMT Nizamnaməsinin bütün tələblərinə hörmətdən yayınır. Görünür, onun dürüst dialoq üçün heç bir arqumenti yoxdur".
Rusiyalı nazir onu da vurğulayıb ki, hazırda Qərb opponentlərinin ritorikasında Moskva “yalnız şüarları eşidir: işğal, təcavüz, ilhaq”.
“Problemin altında yatan səbəblər, onların uzun illər İkinci Dünya Müharibəsinin nəticələrini və öz xalqının tarixini yenidən yazan açıq-aşkar nasist rejimini necə bəslədikləri haqqında bir kəlmə də yoxdur”, - deyə Rusiya XİN rəhbəri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.