BAKI, 20 sentyabr - Sputnik. "Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri çərçivəsində döyüş mövqeləri və sığınacaqların zərərsizləşdirilməsi həyata keçirilib". Bunu Müdafiə nazirliyinin sözçüsü Anar Eyvazov brifinqdə deyib.
Onun sözlərinə görə, doxsandan artıq döyüş mövqeyi bir neçə strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb:
"Ermənistan silahlı qüvvələrinin birləşmələri pərakəndə şəkildə mövqelərini tərk edirlər. Könüllü şəkildə təslim erməni hərbi qulluqçulara heç bir zərbə endirilmir".
Nazirlik rəsmisi bildirib ki, Ermənistana bağlı sosial media platformasında dezinformasiya yayılır. Zəruri hallarda bu informasiyalar təkzib edilib. Bəzi sosial media hesablarında vətəndaşlara yardımlarla bağlı çağırış edilir. Müdafiə Nazirliyi belə çağırışları diqqətə almamağı tövsiyə edir.
"Bölgələrimizin təminatı istiqamətində zəruri tədbirlər plana uyğun olaraq həyata keçirilir. Müraciəti nəzərə alaraq 13:00da antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edilib", - deyə A.Eyvazov vurğulayıb.
Nazirlik rəsmisi onu da bildirib ki, qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən son razılaşma barədə qoşunlarımıza müvafiq təlimatlar verilib", - deyə A.Eyvazov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.