QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində xəsarət alan mülki şəxsin vəziyyəti necədir?

Sağ diz və sol dirsək nahiyələrinin qəlpə yaralanması diaqnozu ilə gətirilən M.Həsənova lazımi tibbi yardım göstərilib.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iriçaplı silahlardan atəşə tutulması nəticəsində yaralanan ekskavator operatorunun vəziyyəti stabildir.
AZƏRTAC xəbər verir ki, qəlpə yaraları alan Mehman Həsənov Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sağ diz və sol dirsək nahiyələrinin qəlpə yaralanması diaqnozu ilə gətirilən M.Həsənova lazımi tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, hazırda vəziyyəti stabildir, müalicəsi davam etdirilir.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa-quruculuq işləri aparan şirkətlərdən birinin ekskavator operatoruna - 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.11, 29, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürməyə cəhd) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.