Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı deyib ki, Ermənistan vədlərinə əməl etməyib.
Sputnik
BAKI, 19 sentyabr - Sputnik. “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.
Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib:
""Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik və Ermənistanın addımlarını şiddətlə qınayırıq".
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Qarabağda baş verən son olaylara münasibət bildirib.
"İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu" - Nazirliyin açıqlamasında deyilir.

"Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticə verəcək şəkildə davam etdirilməsi, regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur", - açıqlamada bildirilir.
Ərdoğanın sözlərinə görə, Ermənistanın Zəngəzur dəhlizi başda olmaqla, verdiyi vədləri yerinə yetirməsini gözləyir.
Türkiyə Prezidenti təəssüflə bildirib ki, Ermənistan bu tarixi fürsəti dəyərləndirməyib: “”Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəklədik. Amma Ermənistan vədlərinə əməl etmədi”.
Ərdoğan deyib ki, Cənubi Qafqaz bölgəsindəki gərginliyin tezliklə başa çatacağına ümid edir.
Xatırladaq ki, sentyabrın 19-da səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarına başlanılıb.