İDMAN

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan erməni şahmatçı Levon Aronyana tutarlı cavab

Azərbaycanlı şahmatçı Aronyana Ermənistan üçün ən çətin vaxtda Amerikaya qaçdığını xatırladıb.
Sputnik
BAKI, 18 sentyabr - Sputnik. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov erməni şahmatçı Levon Aronyana cavab verib.
Təcrübəli qrossmeyster bu barədə feysbuk hesabında paylaşım edib:
"Levon, mən məhz düzünü yazmaq istəyirəm!
Yazdığın statusda azərbaycanlı həmkarlarından həqiqəti deməyi istəmisən. Həqiqət isə budur.
Birincisi, Xankəndiyə gedən yol Azərbaycan tərəfindən heç vaxt blokadaya alınmayıb və əksinə olaraq hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları parallel istifadə olunur. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz əhalisi hesab edir, onların ictimai-siyasi cəhətdən inteqrasiyasına çalışır və buna nail olacaq. Azərbaycan öz vətəndaşlarının aclıq çəkməsinə heç cür səbəb ola bilməz və buna imkan verməz.
Xankəndiyə humanitar yüklərin aparılmasında problem yoxdur, sadəcə, yüklər yoxlanılır. Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir və onlar oradan mütləq çıxmalıdır.
Levon, bilirsən ki, uzun illər ermənilər Azərbaycanda rahat şəkildə yaşayır, işləyir. 2015-ci ildə Dünya Kuboku zamanı Bakıda olmusan, şəhəri gəzmisən, heç bir problemlə üzləşməmisən. Azərbaycanlıların qonaqpərvərliyini gördün, hətta İçərişəhəri gəzdin, şəkil çəkdirdin. Həmin il Bakıda I Avropa Oyunlarının açılış mərasimində Ermənistan bayrağı və idmançıları təntənəli paraddan keçdi və heç bir hadisə baş vermədi. 2023-cü ildə İrəvanda isə ermənilər “qonaqpərvərliyini" nümayiş etdirdi, canlı efirdə ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın bayrağını yandırmaqla. Bax, bu əsl vəhşilikdir!
Yəqin dünya şahmat ictimaiyyətinin və bizlərin Ermənistan üçün ən çətin vaxtda Amerikaya qaçdığını unutduğumuzu düşünürsən. Bu addımla “vətən” adlandırdığın ölkəyə əsl münasibətini göstərdin və uzaq Amerikaya getməklə daha firavan həyatı seçdin. Yüz minlərlə azərbaycanlılar o cümlədən mənim valideynlərim isə 30 il öncə doğma Zəngilandan didərgin salındı, yaxın qohumlarımızı itirdik. Sən rahat şəkildə ölkəni dəyişmisən, azərbaycanlılar 30 il öncə dogma yurdlarından qaçqın düşüb.
Okeanın o tayından reallığın nə yerdə olduğunu görmək mümkün deyil, həqiqəti və yalanı yerində görmək üçün səni Azərbaycana dəvət edirəm. Düşünürəm yenidən çox böyük məmnuniyyətlə səfər edərsən.
Levon, biz dəfələrlə şahmatda rəqib olmuşuq. Heç vaxt bilmədiyin debütü oynamamısan, tapşırıqla gediş etməmisən. Bu dəfə şahmata və şahmatçıya yaraşmayan “debütü” oynamaq istədin, məncə sifarişli “gediş” etdin".
Teymur Rəcəbovun cavabı
“Şahmatda manipulyasiyaya və yalana yer yoxdur. Bu oyun bizə dürüstlük və ədaləti öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının sahibləri kimi bu maraqlı oyunun ruhunu mənimsəyiblər və təkcə şahmat şahmat lövhəsi arxasında yox, həm də açıqlamalarında dürüstlüyü qorumağa borcludurlar. Amma təəssüf ki, erməni şahmatçı, üçqat olimpiya çempionu Levon Aronyanla bağlı belə deyil”.
Bu fikirləri isə azərbaycanlı şahmatçı Teymur Rəcəbov “Facebook” sosial şəbəkəsində erməni şahmatçının təxribat xarakterli açıqlamasına cavab olaraq yazıb.
“44 günlük İkinci Qarabağ müharibəsi zamanı Aronyan deyir və yazırdı ki, guya əlinə silah alıb müharibəyə getməyə hazırdır. Təbii ki, Azərbaycana qarşı döyüşmək üçün. Amma riyazi təfəkkürə malik olan Aronyan, görəsən, bu bəyanatı ilə faktiki olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəklədiyini, Xankəndidəki separatçıları ruhlandırdığını və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə töhfə verdiyini düşünürdümü?”, - T.Rəcəbov yazıb.
Onun sözlərinə görə, şahmat mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq, dünyanın hər yerindən insanları birləşdirir, bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, hətta Soyuq Müharibə dövründə belə şahmatçılar sülhün vasitəçisi və simvolu olublar.
“Ermənilərlə azərbaycanlılar əsrlər boyu yan-yana, mehriban qonşuluq şəraitində yaşayıb, birgə çalışıb, sevinib, kədərlənib. Lakin ötən əsrin 90-cı illərində erməni şovinizmi, separatizmi, “irqi, milli və digər üstünlüklər” ilə bağlı ideyaları qonşularımızın, eləcə də Qarabağ ermənilərinin, Azərbaycan vətəndaşlarının şüuruna hopub.
44 günlük İkinci Qarabağ müharibəsindən sonra - Azərbaycan Silahlı Qüvvələrinın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan 7 rayonu işğaldan azad edərək Ermənistanı təslim olmağa və tam məğlubiyyətini etiraf etməyə məcbur edəndə isə Levon Aronyan susmuşdu”, - azərbaycanlı şahmatçı qeyd edib.
“Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndləri, rayon mərkəzlərini, qəsəbələri və şəhərləri, bütün evlərin və tikililərin xarabalığa çevrildiyini göstərəndə Aronyan susurdu. Aronyan erməni işğalçıları tərəfindən Yer üzündən silinən, Qafqazın Hirosiması – Ağdam barədə də, dağıdılan və ya tövlələrə çevrilən məscidlər və ibadət evləri barədə də, vəhşicəsinə işgəncələrə məruz qalan və qətlə yetirilən on minlərlə azərbaycanlı barədə də, Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə yaşatdığı misilsiz iztirablar barədə də heç nə demirdi. O, inadla susurdu. İndi isə yenə danışmağa başlayıb”, - deyə T.Rəcəbov qeyd edib və L.Aronyanın “Facebook” profilində erməni təbliğatının və dezinformasiyasının sözlərini sözbəsöz təkrar edərək Azərbaycana qarşı ittihamlar səsləndirdiyini xatırladıb.
“Ağdam-Xankəndi yolu işləyərkən, keçid məntəqəsi işləyərkən, hər iki istiqamətdə hərəkət edən yüklərin görüntüləri hamıya əlyetən olarkən hansı “blokada”dan danışmaq olar?! Məhz Azərbaycanın səyi ilə hər iki yol - Ağdam-Xankəndi və Laçın- Xankəndi yolları işləməyə başladı. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağıdır, həm dünya ictimaiyyəti, həm də bu yaxınlarda Ermənistanın özü tərəfindən tanınıb. Və orada yaşayan ermənilər də Azərbaycana inteqrasiya etməlidirlər. Azərbaycan dövlətinin təklif etdiyi ərzaq məhsullarını qəbul etməlidirlər, daha Ağdam-Xankəndi yolunu bağlamamalıdırlar”, - T.Rəcəbov vurğulayıb.
“Gəlin dürüst olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etimadının açarıdır. Hər bir yalan açıqlama şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının nüfuzuna xələl gətirir. Unutmamalıyıq ki, qrossmeysterlər söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər”, - azərbaycanlı şahmatçı bildirib.
Qərbi Azərbaycan İcması Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyib
Qərbi Azərbaycan İcması hazırda ABŞ-ı təmsil edən erməni şahmatçı Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyib.
İcmanın açıqlamasında bildirilib ki, “Artsax”, “Stepanakert” kimi qondarma toponimlərdən istifadə edən Levon Aronyan şahmat oynamağı öyrənsə də, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öyrənməyib.
Qeyd olunub ki, Levon Aronyan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, azərbaycanlıları Ermənistan ərazisində və vaxtilə işğal altında olmuş ərazilərdə etnik təmizləməyə məruz qoymasını, şəhərləri, kəndləri, məscidləri qəsdən dağıtmasını, talan və təhqir etməsini hec vaxt pisləməyib, əksinə özü kimi irqçi, daşnak təfəkkürlü soydaşlarına qoşularaq qürrələnib: "Levon Aronyan Ermənistanın keçmiş prezidenti, Vətən müharibəsi zamanı döyüşmək üçün işğal edilmiş ərazilərə gələn, az sonra biabırcasına Ermənistana qaçan Serj Sarqsyan Ermənistan Şahmat Federasiyasının prezidenti olarkən ondan nə üçün Xocalıda mülki azərbaycanlı əhalinin soyqırımının təşkil olunmasında və törədilməsində iştirak etməsini soruşmayıb. Əgər Levon Aronyanda azacıq vicdan hissi varsa, hələ də gec deyil, o, Xocalı cəlladının bu əməlini pisləyə bilər".
"Levon Aronyan bu ilin avqust ayında Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunda iştirak etməmək qərarını “timsah göz yaşı tökərək” təhlükəsizliyi ilə “izah etmişdi”. Halbuki Levon Aronyan Azərbaycan torpaqları işğal altında olarkən 2015-ci ildə Bakıda keçirilən turnirdə - özü də elə Dünya Kubokunda - iştirak etmiş, hətta həvəslə şəkillər də çəkdirmişdi. Görünür, Azərbaycanın Vətən müharibəsində qələbəsi Levon Aronyanı məyus edib. Levon Aronyan düşük şoulardan çəkinməli, diqqətini şahmat oynamağa yönəltməlidir. Əgər Levon Aronyanı həqiqətən də insan iztirabları narahat edirsə, onda o, Ermənistan hökumətini deportasiya edilmiş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı Qərbi Azərbaycan İcması ilə dialoqa çağırmalıdır", - açıqlamada vurğulanıb.