BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına səfəri sentyabrın 15-də başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər yola salıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə getmişdi.
Xatırladaq ki, Mərkəzi Asiyanın beş ölkə başçısının ötən görüşü 21 iyul 2022-ci ildə Qırğızıstanda keçirilib. Belə görüşlərin keçirilməsi ideyasını 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev verib.