BAKI, 15 sentyabr — Sputnik. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində uğurla həyata keçirilən siyasətə baxmayaraq, neft və qaz ehtiyatlarının hasilatı və ixracı Azərbaycanın əsas gəlir mənbəyini təşkil edir.
Belə ki, Azərbaycanın əsas neft yatağı olan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2001-ci ildə istismara verilən vaxtdan xalis mənfəəti 168 milyard ABŞ dolları, 2007-ci ildə istismara verilən və əsas qaz yatağı olan “Şahdəniz”dən əldə olunan gəliri isə bu günəcən 6 milyard dolları keçib.
Əlavə edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, istismara verilən andan 2023-cü il sentyabrın 1-dək AÇG və Şahdəniz yataqlarından 412,3 milyard kubmetr qaz hasil edilib. Bu yataqlardan hasil edilən neft və kondensatın həcmi isə 622,2 milyon ton təşkil edib.
Qeyd etmək lazımdır ki, onların Azərbaycanda gündəlik hasilatı azalır - bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycanda neft və kondensat hasilatı 6,88% azalaraq 20,3 milyon tona, ixrac isə 3,41% azalaraq, 17 milyon tona qədər aşağı enib.
Neftdən fərqli olaraq, ölkədə qaz hasilatı artır - 2023-cü ilin səkkiz ayının yekunlarına görə, “mavi yanacağın” hasilatı 5% artaraq 32,2 milyard kubmetrə çatıb ki, bunun da 15,8 milyard kubmetri ixrac edilib.
Neft hasilatı ilə bağlı ziddiyyətli proqnozlar
Mütəxəssislərin yekdil fikrincə, Azərbaycanda neft hasilatının pik həddi artıq geridə qalıb - bu, 2011-2012-ci illərdə, ölkədə gündəlik təxminən 1 milyon barel hasil edilən zaman baş verib.
Azərbaycanda neft hasilatının gələcək taleyi ilə bağlı müxtəlif təşkilatlar müxtəlif qiymətlər verirlər. Belə ki, OPEK son hesabatında 2023 və 2024-cü illərdə ölkədə hasilatı sutkada 700 min barel sabit səviyyədə proqnozlaşdırıb.
Eyni zamanda, ABŞ Energetika Nazirliyi yanında Enerji İnformasiya Administrasiyası (EİA) Azərbaycanda bu il orta gündəlik neft hasilatının 630 min barel, gələn il isə 640 min barel olacağını gözləyir.
Qeyd etmək lazımdır ki, bu proqnoz pandemiya ilindəki istehsal səviyyəsindən aşağıdır - həmin dövr üçün bütün istehsalçı ölkələrdə istehsalın kəskin şəkildə aşağı düşdüyü bildirilir. Belə ki, 2020-ci ildə Azərbaycanda gündəlik orta hesabla 700 min barel, 2019-cu - pandemiyadan əvvəlki ildə isə, təxminən 780 min barel neft hasil edilib.
Ölkə hökuməti də Azərbaycanda neft hasilatının azalacağını gözləyir. 2023-2026-cı illərdə neft hasilatının bu ilki 31,2 milyon tondan 2026-cı ildə 30,2 milyon tona qədər azalması proqnozlaşdırılıb.
Bununla yanaşı, Azərbaycanda neft hasilatının gözlənilən azalma tempi ləng hesab olunur ki, bu da ilk növbədə gələn ildən başlayacaq AÇG-nin işlənməsinin yekun mərhələsi çərçivəsində həyata keçirilən “Mərkəzi Şərqi Azəri” layihəsinin başlanması ilə əlaqədardır. Bu platformadan gündəlik 100 min barel neft hasil ediləcəyi planlaşdırılıb ki, bu da hasilatın azalmasının kompensasiyasına mühüm töhfə olacaq.
Bundan əlavə, Abşeron yarımadasının ətrafındakı dayaz sularda (Shallow Water Absheron Peninsula - SWAP) karbohidrogen ehtiyatlarının kəşfiyyatı üzrə işlər aparılır. Yatağın ilkin qiymətləndirilməsi göstərib ki, buradakı neft ehtiyatları AÇG ehtiyatları ilə müqayisə oluna bilər.
Lakin yataqda belə həcmdə “qara qızıl” aşkar edilsə belə, ekspertlər hesab edirlər ki, neft hasilatı və nəqli üçün lazımi infrastrukturun yaradılması xeyli vaxt aparacaq. Məhz buna görə də Azərbaycanda neft hasilatı üzrə ortamüddətli proqnozlar tərtib edilərkən SWAP-dan neft həcmləri nəzərə alınmır.
Qaz hasilatı yeni yataqlar hesabına artacaq
Neftdən fərqli olaraq, Azərbaycanda qaz hasilatı və ixracının qısa və ortamüddətli perspektivdə artması planlaşdırılır. 2017-2022-ci illərdə Azərbaycanda qaz hasilatı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanması sayəsində kəskin şəkildə 90% - 34 milyard kubmetrə qədər artıb.
Azərbaycan hökuməti üç il ərzində hasilatı 7% artırmağı planlaşdırır, qarşıdakı 5-6 il ərzində isə qaz hasilatının daha 10 milyard kubmetr artacağı proqnozlaşdırılır.
"Mavi yanacağ"ın istehsalının artırılması ilk növbədə "Şahdəniz-2" də hasilatın artması və "Abşeron", "Ümid", "Babək", "Qarabağ" və s.kimi yeni yataqların işlənməsi və istismarına başlanılması hesabına planlaşdırılır.
Eyni zamanda, Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz ixracını keçən ilki 11,4 milyard kubmetrdən iki dəfə artırmağı planlaşdırıb.
Azərbaycan qazının tədarük coğrafiyası da, həmçinin genişlənir və bu prosesin davam edəcəyi gözlənilir. Belə ki, bu ildən Macarıstana qaz tədarükü başlayıb və 2023-cü ilin sonuna qədər bu ölkəyə 100 milyon kubmetr qazın verilməsi planlaşdırılır. Ortamüddətli perspektivdə Azərbaycan qazının Macarıstana tədarük həcmi ildə 2 milyard kubmetrə çatdırılacaq.
Bundan əlavə, Rumıniyaya da Azərbaycandan “mavi yanacaq” kiçik həcmdə verilir. Böyük həcmdə qaz ixracı üçün isə Bakı apreldə Avropa İttifaqının dörd ölkəsi - Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiya ilə müqavilə imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.