TƏHSİL

Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq

Qurum rəhbəri bildirib ki, bu ildən etibarən Qida Təhlükəsizliyi İnstitutu naziriliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata keçirəcək.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufetlərin fəaliyyətinə dair məsələni ətraflı müzakirə etmişik. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bütün təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq:

"Bu ildən etibarən Qida Təhlükəsizliyi İnstitutu naziriliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata keçirəcək. Keyfiyyətə nəzarət məsələlərinə, həmçinin məhsulların daşınması, çardırılması, satılmasına xüsusi nəzarət prinsipləri tətbiq olunacaq. Ümid edirəm ki, gələcəkdə neqativ hallar ortadan qaldırılacaq".

Xatırladaq ki, bundan öncə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəb bufetlərində bəzi məhsulların satılmasına qadağa qoyulsa da, buna əməl edilmir. E.Hüseynov bildirib ki, əksər hallarda bu standartlar pozulur.
Qoşqar Təhməzli, arxiv
Onun sözlərinə görə, bəzi hallarda bufetlərdə qidaların saxlanılma şəraitinə düzgün əməl olunmur. Ona görə də, E.Hüseynov bildirib ki, məktəb bufetlərinə rəsmi qurumlardan əlavə valideynlər də ictimai nəzarət etməlidirlər.
Əlavə edək ki, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”na əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı müəyyən olunub.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti bu sahədə uzun müddət təcrübəsi olan, qanunvericiliyə uyğun fəaliyyət göstərən iaşə xidməti müəssisələri tərəfindən həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.