SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

S.Seyidov: Humanitar məsələlərlə əlaqədar ölkəmizə qarşı manipulyasiyalar həyata keçirilir

Xüsusilə Laçın yolu ilə bağlı və Azərbaycanın bu istiqamətdə apardığı işlərlə bağlı müdaxilələr olunur, - deyə komitə sədri vurğulayıb.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. "Bu gün beynəlxalq arenada Azərbaycanın fəaliyyətinin yüksək səviyyədə təşkilinə qarşı gələrək, ölkəmizin haqq sözünün müxtəlif formada kənarlaşdırıldığını, eşidilmədiyini və başqa cür təqdim etmək cəhdlərinin çoxaldığını görürük".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 8-də keçirilən iclasında komitə sədri Səməd Seyidov söyləyib.
O bildirib ki, Azərbaycan Hökumətinin və Milli Məclisin apardığı beynəlxalq siyasət ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsinə, haqq sözünün çatdırılmasına və reallıqların təsdiqlənməsinə gətirib çıxarır:

"Artıq beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir şübhə görmürük. Ancaq Azərbaycanın haqq səsi ilə bağlı, xüsusilə humanitar məsələlərlə əlaqədar ölkəmizə qarşı manipulyasiyaların həyata keçirildiyinin, bəzi dəyərlərdən sui-istifadə edərək təzyiq göstərmək cəhdlərinin şahidi oluruq".

"Xüsusilə Laçın yolu ilə bağlı və Azərbaycanın bu istiqamətdə apardığı işlərlə bağlı müdaxilələr olunur", - deyə komitə sədri vurğulayıb.
Xatırladaq ki, bundan öncə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, Ermənistan ərzaq məsələsini Azərbaycana qarşı bir alətə çevirib. Əslində, burada heç bir problem yoxdur, sadəcə siyasətə çeviriblər. Siyasi oyunbazlıqla məşğuldurlar.
Komitə sədri bildirib ki, bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz:

"Orada yaşayan ermənilərin hər hansı ərzaq problemi yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmaq üçün müəyyən dövlətlərin, təşkilatların təzyiqi ilə belə davranırlar ki, bu məsələ uzansın, müqavilə imzalanmasın. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan regionda təhlükəsizlik arxitekturasının yaranmasında maraqlı deyil".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.