BAKI, 8 sentyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının iclasında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra prezident Ersin Tatar yazılı açıqlama verib.
Şimali Kipr Türk Respublikası Prezidentinin saytında yayılan xəbərə görə, Ersin Tatar açıqlamasında bildirib:
“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bildirməsi məni sevindirdi.
Şimali Kipr Türk Respublikası Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti kimi varlığını davam etdirərkən, mənim ən böyük arzum Azərbaycanla ayrılmaz əlaqələrin olmasıdır.
Mən cənab Prezident Əliyevə verdiyi bəyanatlara görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”.