BAKI, 5 sentyabr — Sputnik. Türkiyə London və Hamburqdakı mərkəzlərə bənzər qaz mərkəzi yaratmağı planlaşdırıb və bu planı Rusiya ilə müzakirə etmək niyyətindədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdandan sonra təyyarədə jurnalistlərə bildirib.
"Cənab Putinlə (bazar ertəsi Soçidə - red.) görüşümüz zamanı biz müəyyən sahələrdə enerji sektorunu müzakirə etdik. Biz enerji resurslarının ölkəmizin ərazisindən keçməklə Avropaya və dünyaya nəqli üçün müxtəlif layihələri həyata keçirəcəyik. Türkiyədə qaz mərkəzinin yaradılması ilə əlaqədar həm enerji resurslarının ötürülməsində, həm də qiymət məsələlərində irəliləyiş əldə olunacaq", - deyə Ərdoğan sözünə davam edib.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti ölkəni enerji mərkəzinə çevirmək niyyətindədir, bunun üçün lazımi infrastruktur və fiziki imkanlar yaradılır.
"Biz addım-addım hədəfimizə – Türkiyəni regionun mərkəzinə, daha sonra isə dünyanın enerji mərkəzinə çevirməyə yaxınlaşırıq", - deyə Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, hökumətin London və Hamburqda biznes aparmaq üçün yaradılan mərkəzlərə bənzər təbii qaz mərkəzinin yaradılması planı var.
"Biz bu planı Rusiya ilə müzakirə edəcəyik. Ölkəmizi Frakiyadan kənarda belə bir mərkəzə çevirmək istəyirik. Biz təkcə təbii qaz deyil, enerji və mədən sənayesi üçün də belə bir mərkəz yaratmağı planlaşdırırıq. Biz geniş məqsədləri olan bir mərkəz yaratmaq istəyirik. İstəyirik ki, enerji, qaz və dağ- mədən işi ilə məşğul olmaq istəyən hər kəs bu mərkəzə gəlsin. Biz bu mərkəzi Ataşehirdə (İstanbul ətrafı) maliyyə mərkəzimizin bloklarından birində yarada bilərik" – deyə Türkiyə prezidenti vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.