BAKI, 4 sentyabr — Sputnik. Türkiyənin Statistika Təşkilatı avqust ayı üçün istehlak qiymətləri indeksini açıqlayıb.
Sputnik Azərbaycan TRThaber-ə istinadla xəbər verir ki, Türkiyədə istehlak qiymətləri avqust ayında əvvəlki aya görə 9,09%, keçən ilin eyni ayına görə 58,94% artıb. İqtisadçılar aylıq inflyasiyanın 7%, illik inflyasiyanın isə 55,9% olacağını gözləyirdilər. Ölkədə iyulda illik inflyasiya 47,8 faiz təşkil etmişdi. Beləliklə, inflyasiyanın sürəti avqustda 11 faizdən çox artıb.
Əvvəlki ilin eyni ayına nisbətən ən az artım 24,97% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım 89,31% ilə restoran və otellər qiymətləri olub.
Xatırladaq ki, keçən ay Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin şəkildə qaldırıb. Türkiyə Mərkəzi Bankının məlumatına əsasən, inflyasiya ilə bağlı göstəricilər yaxından izləniləcək və qiymət sabitliyi kimi əsas məqsədə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə ediləcək.
Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı.