BAKI, 1 sentyabr — Sputnik. Stavropol diyarı 2024-cü ilin ikinci yarısında Azərbaycanda nümayəndəlik açmaq imkanını nəzərdən keçirir. Bunu "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpü zamanı Rusiya Federasiyasının Stavropol diyarının iqtisadi inkişaf naziri Denis Polyubin deyib.
"Qubernatordan belə bir tapşırıq var. Biz gözləyirik ki, 2024-cü ilin ikinci yarısında Azərbaycanda Stavropol diyarının nümayəndəliyi yaranacaq, onun məqsədi regionun məhsullarını tanıtmaqdır".
Bundan əlavə, nazir Azərbaycan Respublikasına Rusiya Federasiyasının Stavropol diyarında nümayəndəliyini açmağa dəvət edib, çünki bu, ticarət dövriyyəsinin artmasına xidmət edəcək.
Tədbirdə iştirak edən Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun sözlərinə görə, Stavropol diyarının Bakıda nümayəndəliyi açıldıqdan sonra o, Rusiya Federasiyasının Azərbaycanda bu addımı atan üçüncü subyekti olacaq.
"Tatarıstan və Dağıstanın nümayəndəlikləri bizimlə fəal işləyir. Belə məntəqələrin olması sayəsində qarşılıqlı investisiya layihələrinin sayı və ticarət dövriyyəsi artır", - deyə Mirsayapov bildirib.
Kommersiya müqavilələri üzrə qarşılıqlı hesablaşmalardan danışan Rusiya Federasiyasının ticarət nümayəndəsi onu da bildirib ki, Azərbaycan və Rusiya arasında ticarətdə milli valyutalar, Rusiya rubluna tətbiq olunan sanksiyalar məhdudiyyətlərindən əvvəl də istifadə olunub.
"Rusiya məhsullarının alıcıları üçün beynəlxalq SWIFT sistemindən istifadə zərurətindən yan keçərək rublla müqavilə bağlamaq və ödənişlər etmək rahatdır. Üstəlik, Azərbaycanda Rusiya kapitallı bank, Rusiyada isə Azərbaycan kapitallı bank var ki, bu da hesablaşma məsələlərini asanlaşdırır", - deyə Mirsayapov bildirib.