BAKI, 31 avqust — Sputnik. Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.
Əvvəlcə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hər iki qardaş və dost ölkələrin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.
Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
Xatırladaq ki, 27-28 avqustun tarixlərində Türkiyənin müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak Azərbaycanda səfərdə olublar. Onlar Bakıda azərbaycanlı həmkarları ilə yanaşı Prezident İlham Əliyevlə də görüşüblər.
***
Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Zəfər Bayramı münasibətilə Ankara şəhərində keçirilən təntənəli mərasimdə iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib.
Təntənəli mərasimdə qardaş ölkənin Zəfər Bayramını tərənnüm edən musiqi nömrələri təqdim olunub.
Qeyd edək ki, Türkiyədə Zəfər Bayramının 101-ci ildönümü qeyd olunub. Bayramla əlaqədar olaraq İstanbul, Kahramanmaraş, Malatya, Kayseri, Sivas, Qaziantep, Şanlıurfa, Antalya, Muğla, İzmir, Dənizli, Mersin, Hatay və bir sıra başqa şəhərlər bayraqlarla bəzədilib, təmtəraqlı tədbirlər keçirilir.
Xatırladaq ki, 1922-ci ilin avqustun 26-da başlayan "Baş komandanlıq meydan müharibəsi" 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnib. Bu qələbə ilə türk ordusu işğalçı orduların ölkə hüdudlarından kənara çıxarılmasına nail olub.
Bu tarixi hadisə yenicə dağılmış qocaman bir imperiyanın qalıqları üzərində Türkiyə Cümhuriyyəti yaradılmasının ilk şərti, ilk addımı və ilk böyük qələbəsi idi. Daha sonra Türkiyənin varlığını bütün dünyaya qəbul etdirən möhtəşəm Çanaqqala Zəfəri dünya hərb tarixinin ən parlaq səhifələrindən biri kimi tanınıb.
1923-cü ildən başlayaraq 30 avqust tarixi Türkiyə torpaqlarının geri alındığı gün kimi qeyd olunmağa başlayıb. İlk illərdə Ankara, İzmir və Afyonqarahisar şəhərlərində qeyd edilən bu tarix 1936-cı ilin may ayında Türkiyə Cümhuriyyətinin rəsmi dövlət bayramı elan olunub. Bu tarix böyük Atatürkə, onun məsləkdaşlarına və Türkiyənin azadlığı və müdafiəsi üçün canlarını qurban vermiş bütün şəhidlərin ruhuna sonsuz ehtiramın ifadəsidir.