DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Antitürk ittifaqı: Ermənistan və Yunanıstan hərbi-texniki əməkdaşlığı genişləndirir

Yunanıstanın hərbi universitetlərində Ermənistandan olan hərbçilər hazırlanır, müdafiə texnologiyaları və hərbi tibb sahəsində əməkdaşlıq aparılır.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Ermənistan və Yunanıstan hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaq. Saziş layihəsi Ermənistan hökumətinin bu gün keçirilən iclasında təsdiqlənib.
İki ölkə arasında münasibətlərin və siyasi dialoqun yüksək səviyyədə olması müdafiə sahəsində daha sıx əməkdaşlıq üçün əlverişli şərait yaradır. 2011-ci ildə Ermənistan Müdafiə Nazirliyi ilə Yunanıstanın Milli Müdafiə Nazirliyi arasında imzalanmış sazişə əsasən iki ölkə artıq müdafiə proqramları həyata keçirir.
Xüsusilə, Yunanıstanın hərbi universitetlərində Ermənistandan olan hərbçilər hazırlanır, müdafiə texnologiyaları və hərbi tibb sahəsində əməkdaşlıq aparılır.
2004-cü ilin fevralından 34 erməni hərbçidən ibarət kontingent Kosovoda Yunanıstan bölməsinin tərkibində sülhməramlı missiya həyata keçirir.
İndi əməkdaşlığın statusu hökumətlərarası səviyyəyə qaldırılacaq. Bundan əlavə, sazişə hərbi-texniki əməkdaşlıq, o cümlədən üçüncü ölkələrdə istehsal olunan texnikanın təmiri ilə bağlı əlavə müddəalar daxil ediləcək.
Ermənistan hökuməti Yunanıstanla hərbi sahədə əməkdaşlığa Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinə qarşı atılmış addım kimi yanaşır. Daha əvvəl Ermənistan parlamentində "türklərlə münasibətləri yaxşı olmayan hər kəslə əməkdaşlıq etmək" barədə tezis irəli sürülmüşdü.