BAKI, 30 avqust — Sputnik. Qırğızıstanda "TikTok"a qadağa qoyulur. Xarici KİV-lərin məlumatına görə, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə "TikTok"un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb.
Məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib.
Nazirlikdən bildirilib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən "TikTok" sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb.
Xatırladaq ki, keçən ilin sonunda deputat Elşad Mirbəşir “TikTok"un Azərbaycan gəncliyinin məhvə getməsinə səbəb olduğunu bildirib, aidiyyəti qurumlara azyaşlıların "TikTok"a girişinin məhdudlaşdırılması çağırışını edib. O bildirib ki, “TikTok" Azərbaycan gəncliyinin məhvə getməsinə səbəb olur və təklif edirəm aidiyyəti qurumlar azyaşlıların "TikTok"a girişini məhdudlaşdırsın.
Elşad Mirbəşir, arxiv
© Photo : Social media page of Elshad Mirbashir
Onun sözlərinə görə, məktəblər, qanunvericilik, valideynlərlə iş prinsipi səviyyəsində bu işə diqqət yetirilməlidir:
"16-24 yaş arasında gənclərin "TikTok"dan istifadəsi 60%-ə bərabərdir. Bir çox ölkələrdə məhkəmə qərarları ilə "TikTok"un fəaliyyəti məhdudlaşdırılıb, dayandırılıb. Azərbaycanda da bu istiqamətdə iş görülməlidir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.