BAKI, 30 avqust — Sputnik. Sentyabrın 14-15-də Düşənbədə keçiriləcək Mərkəzi Asiya dövlətləri liderlərinin məşvərət iclasının proqramına xarici işlər nazirlərinin görüşü, forumlar, sərgilər və qala-konsert daxildir. Bu barədə brifinqdə Tacikistan xarici işlər nazirinin müavini Sodik İmomi bildirib.
"Zirvə görüşündən əvvəl çox geniş tədbirlər proqramı olacaq. Sentyabrın 13-də sammit ərəfəsində region ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. İclasın hazırlanması, eləcə də dövlət başçılarının təsdiqinə təqdim olunacaq sənədlərin yekunları müzakirə olunacaq", - deyə o bildirib.
İmomi əlavə edib ki, geniş mədəni və biznes proqramları, o cümlədən Mərkəzi Asiya dövlətlərinin məhsul istehsalçılarının sərgisi, "Dostluq axşamı" təntənəli qala-konserti, iqtisadi forum, universitet rektorlarının, qadın liderlərin, region alimlərinin forumları, milli xörəklər festivalı və rəssamların sərgisi baş tutacaq.
"İclasın yekununda Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatının, region dövlətləri arasında gənclər siyasətinin ümumi müddəalarına dair liderlər arasında sazişin, Milli Şura haqqında Əsasnamənin qəbul edilməsi, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 2023-2025-ci illər üçün regionda sağlamlıq və rifahın dəstəklənməsi üzrə yol xəritəsinin imzalanması planlaşdırılır", - Tacikistan xarici işlər nazirinin müavini bildirib.
Sentyabrın 14-15-də Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının beşinci məşvərət toplantısı keçiriləcək. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan prezidentlərinin iştirakı gözlənilir. Bundan əvvəlki görüş 2022-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.