BAKI, 30 avqust — Sputnik. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq. O, istifadəyə yararsız hava raketləri almaqda və vəsaitləri mənimsəməkdə ittiham olunur. Bu barədə Sputnik Ermənistan-a Ali Məhkəmə Şurasının (ASM) mətbuat katibi Lilit Şaboyan məlumat verib.
Bundan əvvəl müdafiə tərəfi Ermənistan Müdafiə Nazirliyinin sabiq rəisi barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışdı.
"Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müdafiə tərəfinin vəsatətini rədd edib. Tonoyan həbsdə qalacaq", - Şaboyan bildirib.
Xatırladaq ki, keçmiş müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur. O, 2021-ci ilin sentyabrından həbsdədir. Bu işdə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Nazirliyin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlakı xidmətinin rəisi Artem Ambaryan, aviasiya departamentinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da ittiham olunurlar. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir. Müttəhimlər təqsirlərini etiraf etmirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.