BAKI, 28 avqust — Sputnik. Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib.
Bu barədə ərazidə müşahidə aparan jurnalistlər məlumat verib.
Belə ki, keçid zamanı erməni əsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma respublikanın gerbinin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib.
Xatırladaq ki, Ermənistan hökumət başçısı Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında Laçın yolunun birtərəfli qaydada açılacağı barədə iddialar səsləndirmişdi.