BAKI, 27 avqust - Sputnik. Sentyabrın 2-də Kür çayının iki sahili arasında “Kürü keçək” adlı yarış təşkil ediləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azərtac-a məlumat verilib.
Belə ki, su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək.
“Kürü keçək” adlı yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Qeyd edilir ki, ilk dəfə açıq suda üzmə yarışı ötən il əvvəlcə dənizdə (“Xəzər dalğası”), ardınca isə Kür çayında (“Kürü keçək”) təşkil edilib.
Kür çayının Mingəçevirdən keçən hissəsində ikinci dəfə keçiriləcək yarış peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.