BAKI, 24 avqust — Sputnik. İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulur.
AYNA-dan o da bildirilib ki, artıq Bakı şəhərinin "rəqəmsal əkiz"i yaradılıb:
"Əhalinin gündəlik axınını müşahidə etməyə və nəqliyyata olan tələbin hesablanmasına imkan yaradan bu proqram təminatı nəqliyyatla bağlı veriləcək istənilən qərarın təsirini proqnozlaşdırmağa kömək edir. Proqram təminatı üzərindən təhlillər aparılmaqla marşrutların optimallaşdırması istiqamətində qərarlar verilir".
"Avtobuslar sahibkarlara məxsusdur. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər. Statistikaya əsasən, il ərzində 9 xətt üzrə 120-dan artıq avtobusun yenilənməsi həyata keçirilib. Nəqliyyat vasitələrinin yenilənməsi daşıyıcıların yeni avtobuslar alması və müsabiqədə iştirakından asılıdır", - deyə AYNA-dan bildirilib.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, Bakı şəhərində 2035-dək avtobus hərəkət edir ki, onun da 1847-i nağdsız ödənişlədir:
Nəqliyyat üzrə digər ekspert Eldəniz Cəfərov Sputnik Azərbayca-a açıqlamasında bildirib ki, bir il əvvəl avtobuslarla bağlı vəziyyət necə idisə, olduğu kimi də qalıb və bu istiqamətdə hansısa işlər görülməyib:
"Avtobusların istilik və soyutma sistemləri işləməlidir, onlar sərnişindaşınmanın bütün tələblərinə cavab verilməlidir. Marşruta buraxılan avtobusların sayı artırılmalıdır ki, intervallar da azaldılsın. Daşıyıcı şirkətlərin tələbi nəzərə alınaraq gedişhaqqı 0,40 manat olsa da, sərnişindaşımada xidmət keyfiyyəti artmadı".
Qeyd edək ki, bu gün Bakıda bir sıra marşrut xətləri üzrə yararsız avtobuslar xəttə çıxarılır. 206, 50 nömrəli marşrut üzrə hərəkət edən avtobusları buna misal göstərmək olar. Kondisionersiz avtobuslar sərnişinlə dol olduqları halda belə məcbur qapıları açıq vəziyyətdə hərəkətə keçir.
Bu avtobuslarda bir çox hallarda bağlanan qapıların açılması, açılan qapıların bağlanması, hərəkətə keçə bilməməsi kimi problemlər müşahidə olunur. Oturacaqları dağım-dağım olan bu avtobuslarda, xüsusən də yay fəslində, hərəkət etmək mümkünsüzdür.