BAKI, 25 avqust — Sputnik. Üçüncü "Jurnalistlər Binası"nın taleyinə rəsmi aydınlıq gətirilib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ildə inşa olunan binanın şəhid ailələrinə veriləcəyini açıqlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı öz Facebook* hesabında açıqlama verib.
"Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni "Salyan yolu, ev 20" ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub", - deyə qeyd edib.
Xatırladaq ki, jurnalistlərin Bakının Bibiheybət yaşayış sahəsindəki 156 mənzildən ibarət ilk binası 2013-cü ildə istifadəyə verilib. 256 mənzildən ibarət ikinci bina isə 2017-ci ilin iyulunda sahiblərinə verilib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.