BAKI, 23 avqust — Sputnik. Rusiya və İran arasında terrorizmlə mübarizə sahəsində əməkdaşlıq nəinki davam edəcək, hər gün daha da dərinləşəcək. Bunu Rusiyada rəsmi səfərdə olan İran Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Kiumars Xeydari bildirib.
"İran İslam Respublikası nümayiş etdirdi ki, terrorizmlə mübarizəyə ciddi yanaşır və Rusiya ilə bu sahədə əməkdaşlıq hər gün dərinləşəcək", - deyə general bildirib.
Xeydari vurğulayıb ki, terrorizm qlobal təhlükədir, eyni zamanda İran və Rusiya öz dəyərli təcrübələrini dünyanın digər ölkələri ilə bölüşməyə hazırdırlar. O, həmçinin qeyd edib ki, RF Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovla danışıqları zamanı tərəflər yaxşı razılıqlar əldə ediblər.
General səfərini vaxtında və məhsuldar adlandırıb. O, Rusiyanın müdafiə imkanları ilə tanış olduqdan sonra deyib ki, belə səfərlər iki ölkə arasında gələcək əməkdaşlığa kömək edə bilər.