NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Çində tələbin azalması ilə bağlı narahatlıqlar nefti bahalaşdırır

Digər tərəfdən, ABŞ-də neft ehtiyatları təxminən 2,4 milyon barel azalaraq düşməyə davam edib.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Neft qiymətləri iki günlük enişdən sonra bahalaşmağa başlayıb.
Ən böyük neft idxalçısı olan Çində tələbin azalması ilə bağlı narahatlıqlar və ABŞ-də neft ehtiyatlarının azalması neftin bahalaşmasına səbəb olub.
"Brent" markalı neft 13 sent və ya 0,2% artaraq 84,16 dollar olub, ABŞ-ın Qərbi Texas nefti isə 18 sent və ya 0,2% artaraq 79,82 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,98 dollar yaxud 1,09% azalaraq 88,68 dollar təşkil edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyuldan sentyabr ayına qədər hasilatı sutkada daha 1 milyon barel azaltmaq niyyətindədir və Rusiya avqustda ixracı sutkada 500 min barel azaltmağı planlaşdırır. Bu addımlar tədarükün məhdudlaşdırılması və qiymətləri dəstəkləmək üçün razılaşmanın bir hissəsidir.
ABŞ-da neft ehtiyatları təxminən 2,4 milyon barel azalaraq düşməyə davam edib.
Xatırladaq ki, neft qiymətləri Səudiyyə ƏrəbistanıRusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib. Ötən həftə ABŞ dollarının güclənməsi və Çində iqtisadi yavaşlama narahatlığı neftin ardıcıl 7 həftəlik bahalaşmasını dayandırmışdı.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.