NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Norveç şirkəti “Azəri-Çıraq-Günəşli”dəki payını satmaq istəyir - KİV

AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
Sputnik
BAKI, 22 avqust - Sputnik. Norveçin “Equinor ASA” şirkəti Azərbaycandakı aktivlərini, o cümlədən Azəri-Çıraq-Günəşli (AÇG) ən böyük neft layihəsində payı satmaq imkanlarını araşdırır. Bu barədə Bloomberg xəbər yayıb.
Böyük enerji şirkətinin AÇG yataqlar blokunda 7,27% pay da daxil olmaqla aktivlərə alıcı marağını qiymətləndirmək üçün Jefferies Financial Group Inc. (ABŞ) ilə əməkdaşlıq etdiyi bildirilir.
Agentlik bildirir ki, Equinor-un aktivləri təxminən 1 milyard dollar dəyərində qiymətləndirilə bilər.
Xatırladaq ki, “Equinor” “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27%, Bakı-Tbilisi-Ceyhan boru kəmərində isə 8,71% paya malikdir.
Qeyd edək ki, istismara verilən andan 2023-cü il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” (AÇG) karbohidrogen yatağından 211 milyard kubmetr qaz və 577,5 milyon ton neft hasil edilib.
Bundan əlavə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin satışından əldə etdiyi gəlir 4,1 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 26,8% azdır.
Xatırladaq ki, AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üçün 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.
Yeni saziş çərçivəsində investisiyalar 43 milyard dollar həcmində qiymətləndirilir. Neft hasilatının həcminin 500 milyon tondan çox olacağı planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.