BAKI, 22 avqust — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində kəskin artım qeydə alınıb. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 445 milyon 329 min dollar təşkil edib. Bu göstərici 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 30,5 faiz çoxdur.
Hesabat dövründə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,06 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Ən çox Rusiyadan mal gətirilib
Bu il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib və idxalda kəskin artım müşahidə edilib. Belə ki, bu ilin 7 ayında Rusiyadan ölkəmizə 1 milyard 733 milyon 794 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz çox deməkdir. Bu ilin 7 ayında Azərbaycanın ümumi idxalının 18,14 faizi Rusiyanın payına düşüb.
İnfoqrafika: Azərbaycan və Rusiya sərhədində keçid məntəqəsi
© Sputnik / Elnur Salayev
Azərbaycandan Rusiyaya ixrac kəskin qalxıb
Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilib. Cari ilin 7 ayında Azərbaycanın Rusiyaya ixracı 711 milyon 534 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 50,6 faiz artım deməkdir. Ölkəmizin ümumi ixracının 3,42 faizi Rusiyanın payına düşüb.
Ticarət dövriyyəsi 5 milyard dollara çata bilər
Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu il Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırdığını söyləyib:
"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Bu il də yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik".
Ekspertlər də iki ölkə arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılmasını real hesab edirlər. Onların fikrincə, yaxın dövr üçün Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması realdır və bunun üçün potensial var. Xüsusən də Rusiya ilə Avropa İttifaqının ticarət əlaqələrinin getdikcə məhdudlaşdırılması Rusiyanın digər bazarlara yönəlməsinə gətirib çıxardır. Azərbaycanın Rusiya ilə idxal-ixrac imkanlarının artırılması hər iki ölkənin maraqlarına uyğundur.
Ötən il də ticarət dövriyyəsi artıb
Əlavə edək ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur. Ötən il də Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Keçən il Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 6 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.