BAKI, 20 avqust - Sputnik. Kiyevə F-16 qırıcılarının tədarükü həm Ukrayna, həm də bütün bəşəriyyət üçün təhlükə yaradır. Bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri olan kiçik Robert Kennedi bəyan edib.
"Bu, müdafiə sənayesi üçün əla həll, amma Ukrayna və bəşəriyyət üçün fəlakətdir. Nə üçün danışıqlar aparmayaq?", - deyə kiçik Kennedi “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) Ukraynanın Amerika istehsalı olan, üçüncü ölkələrdən gələn F-16 qırıcı təyyarələri alacağı ilə bağlı məqaləni şərh edərkən yazıb.
O, həmçinin qeyd edib ki, F-16 qırıcılarının tədarükü “Ukrayna ordusunun süqutunu dayandırmayacaq”. "Bu qırıcılar çoxlu təlim və texniki xidmət tələb edir. Bu, heç də film deyil", - deyə kiçik Kennedi əlavə edib.
Bundan əvvəl ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi “RİA Novosti”yə bildirib ki, Vaşinqton dördüncü nəsil ABŞ qırıcılarının Danimarka və Niderlanddan Kiyevə verilməsini təsdiqləmək qərarına gəlib. Ağ Ev təsdiqləyib ki, Ukrayna ABŞ istehsalı olan qırıcıları onun pilotlarının hazırlığı başa çatdıqdan sonra üçüncü ölkələrdən alacaq.
Qeyd edək ki, Rusiya bundan əvvəl NATO ölkələrinə Ukraynaya silah tədarükünə görə nota göndərib. Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, ABŞ və onların NATO-dakı əlaltıları Rusiya ilə birbaşa silahlı toqquşma riskləri yaradır, bu da fəlakətli nəticələrlə bitir. Onun sözlərinə görə, Kiyevdə nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktı Rusiya tərəfindən nüvə sahəsində Qərbdən təhdid kimi nəzərdən keçiriləcək.