BAKI, 19 avqust — Sputnik. Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Dmitri Savelyev BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin bəyanatına münasibət bildirərkən deyib ki, kənardan qəbul etdirilən sxemlər Bakı ilə İrəvan arasında dialoqu əvəz edə bilməz.
Rəsmi İrəvanın beynəlxalq müstəvidə regionda baş verənlərlə bağlı çaşdırıcı elementlərdən istifadəsi hələlik bir nəticə vermir. Ermənistanın Azərbaycanın dəfələrlə təklif etdiyi birbaşa dialoq çağırışlarından yayınmaq cəhdlərinin isə ümumi prosesə mənfi təsirini göstərməsi hər kəsə bəllidir. Müxtəlif platformalarda aparılan danışıqlar və qəbul edilən bəyanatlara baxmayaraq, Ermənistan sülh prosesini yubatmaq üçün bütün mümkün imkanlardan istifadə edir. Paşinyan hakimiyyəti nizamlanma prosesi üçün beynəlxalq missiyanın regiona gəlməsinə çalışır. Regionda isə gərginlik günbəgün artır. Şərti sərhəd xəttində və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdən Azərbaycan ordusu atəşə tutulur. Bütün bunlar yeni hərbi eskalasiyanın baş verəcəyi ehtimallarını gücləndirir.
Bəs xarici elementlərin regiona cəlb edilməsi kimin maraqlarına cavab verir?
Sputnik Azərbaycan mövzu ilə millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistanın davranışları regiona bu coğrafiyadan uzaqda yerləşən güclərin müdaxilə imkanlarının artırılmasına hesablanıb:
Millət vəkili bununla bağlı konkret Fransanın adını çəkib. O, qeyd edib ki, Fransa açıq şəkildə Azərbaycan ərazisində separatizmi dəstəkyir:
"Belə olan halda Fransa regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hansı rolu oynaya bilər. Əksinə Fransa atdığı addımlarla regionun sülh və təhlükəsizlik imkanlarını ciddi şəkildə məhdudlaşdırır".
Elşad Mirbəşiroğlu Ermənistanın istəyi ilə avqustun 11-də BMT TŞ-nin iclasının keçirilməsinə də toxunub:
"Avqustun 16-da bu iclas baş tutdu. Ermənistan istəyirdi ki, Azərbaycana qarşı qərəzli siyasi mövqe formalaşdırsın, amma Azərbaycan tərəfi BMT TŞ-nin bu müzakirəsini obyektiv həqiqətlərin çatdırılması üçün bir platforma kimi uğurla istifadə etdi. Ermənistan fiasko ilə üzləşdi".
"Qərbin və Paşinyanın iştirakı ilə razılıq əldə olunur ki, Ağdam-Xankəndi yolunu istifadə etmək olar, amma Aİ-nin xarici siyasət xidmətinin rəhbəri bəyan edir ki, Ağdam-Xankəndi yolu alternativ yol ola bilməz. Bu qədər qeyri-obyektiv, qərəzli yanaşma aydın göstərir ki, məqsəd heç də Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin olunması deyil. Bu həm də onların öz mövcudluqlarını təmin edərək, Rusiya ilə münasibətləri aydınlaşdırmaq cəhdidir. Yəni özlərinin geosiyasi ambisiyalarını təmin etmək üçün maraq zonası yaratmağa çalışırlar. Biz görmüşük ki, müxtəlif coğrafiyalarda bu cür yanaşma həmin coğrafiyanın sakinləri üçün ciddi problemlər yaradıb", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.