İDMAN

Biz Şəhriyar və Teymurun bundan sonra da uğurlarının şahidi olmayacağıq - Aynur Sofiyeva

Məşhur şahmatçı Nicat Abasovun finala gedən yolda norveçli beşqat dünya çempionu Maqnus Karlsenə qarşı keçirəcəyi görüşdəki şanslarını dəyərləndirib:
Sputnik
BAKI, 19 avqust - Sputnik. "Təbii ki, Şəhriyar və Teymur bizim istedadlı şahmatçılarımızdır. Lakin yarışı erkən tərk etmələri o demək deyil ki, biz bundan sonra onların uğurlarının şahidi olmayacağıq”. Bu sözləri Azərtac-a açıqlamasında Azərbaycanın iddialı şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun Dünya Kuboku ilə erkən vidalaşmasına da münasibət bildirərkən Azərbaycanın və İslam dünyasının ilk beynəlxalq qadın qrosmeysteri Aynur Sofiyeva deyib.

“Bu idmandır və burada hər şey ola bilər. Şahmat elə idman növüdür ki, uduzduğun zaman dərhal oyundan çıxırsan. Ona görə də idmançının şansı, əhval-ruhiyyəsi bütün oyunun gedişatına təsir edir", - deyə Sofiyeva bildirib.

O, Nicat Abasovun finala gedən yolda norveçli beşqat dünya çempionu Maqnus Karlsenə qarşı keçirəcəyi görüşdəki şanslarını dəyərləndirib:

“Bizim üçün çox sevindirici haldır ki, Nicat Abasov bu gün Dünya Kubokunda yarımfinal görüşünə çıxacaq. Nicatın oyun üslubu onun qalib olmasına şərait yarada bilər. Çünki hazırda yüksəliş mərhələsindədir. İnanıram ki, bundan sonra da Nicatın çox böyük uğurlarının şahidi olacağıq. Çünki istedadlı şahmatçıdır. Maqnus Karlsenin adı artıq hər şeyi deyir. O, böyük uğurları və nəticələri olan dünya çempionudur”.

Beynəlxalq qrosmeyster Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb:
“İdmançılarımızın dünya arenasındakı yüksək nəticələri ölkə başçısının bilavasitə idmana göstərdiyi diqqət və qayğının təzahürüdür. Ölkəmiz hər zaman yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi edib. Bunun nəticəsi olaraq, artıq bir sıra mötəbər turnirləri qəbul etməyimiz təəccüblü hal deyil”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.