RUSİYA

Qobal əhəmiyyətli qərarların qəbulunda hər bir ölkənin səsi nəzərə alınmalıdır - Lavrov

Lavrov vurğulayıb ki, Gənc Diplomatların Qlobal Forumu beynəlxalq həyatın əsas məsələləri üzrə qeyri-rəsmi fikir mübadiləsi aparmaq üçün gözəl imkan yaradır.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Rusiya qlobal əhəmiyyətli qərarlar qəbul edərkən hər bir ölkənin səsinin nəzərə alınmasının tərəfdarıdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun VI Qlobal Gənc Diplomatlar Forumunun iştirakçılarına müraciətində deyilir.
"Rusiya qlobal əhəmiyyətli qərarlar qəbul edərkən hər bir ölkənin səsinin nəzərə alınmasını ardıcıl surətdə müdafiə edib. Rusiya diplomatiyası bərabərlik, qarşılıqlı hörmət və insani dəyərləri bölüşən hər kəslə ən yaxın əməkdaşlığa açıqdır. ", - deyə nazir bildirib.
Eyni zamanda, Lavrov vurğulayıb ki, Gənc Diplomatların Qlobal Forumu xarici siyasət xidmətlərinin mütəxəssisləri, hakimiyyət nümayəndələri və ekspert icması üçün beynəlxalq həyatın əsas məsələləri üzrə qeyri-rəsmi fikir mübadiləsi aparmaq üçün gözəl imkan yaradır.
"Bugünkü təlatümlü geosiyasi şəraitdə qarşılıqlı anlaşma məkanının genişləndirilməsinə yönəlmiş intellektual səylərin belə birləşməsi xüsusilə dəyərlidir. Qeyd edim ki, 2024-cü ilin martında Soçidə Ümumdünya Gənclər Festivalı keçiriləcək və bu, birləşmək üçün daha bir böyük hadisəyə çevriləcək", - o bildirib.
Eyni zamanda, nazir cari forumun mövzularının aktuallığına - "Yeni çoxqütblü dünyanın diplomatiyası"na diqqət çəkib. "Çoxmərkəzli dünya nizamının formalaşması uzun bir prosesdir və bu, ilk növbədə, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına əsaslanmalı və dövlətlərin mədəni və sivilizasiya müxtəlifliyini nəzərə almalı olan dövlətlərarası münasibətlərin demokratikləşməsi ilə bağlıdır", - Lavrov bildirib.
"Ümid edirəm ki, forumunuz da aktual suallara cavab axtarışına öz töhfəsini verəcək. Hamınıza səmərəli müzakirələr arzulayıram", - Rusiya diplomatik departamentinin rəhbəri yekunlaşdırıb.