BAKI, 17 avqust — Sputnik. Qırğızıstan Aİİ, Çin və Avropa İttifaqı bazarlarına daxil olmaq üçün cəlbedici giriş nöqtəsi olmaq potensialına malikdir. Bizmedia.kz-ın məlumatına görə, bunu Qırğızıstanın baş naziri Akılbek Japarov Çinin Sincan-Uyğur Muxtar Vilayətində keçirilən "Çin-Avrasiya: Mallar və Ticarət 2023" EXPO sərgisində çıxışı zamanı deyib.
Japarov vurğulayıb ki, Qırğızıstan böyük investisiya potensialına malikdir. O, Qırğızıstan ixracatçılarına sıfır tariflərlə Aİ ölkələrinə 6200-dən çox mal tədarük etməyə imkan verən Avropa İttifaqı ilə GSP+ statusunun əhəmiyyətini xatırladıb.
Hazırda Qırğızıstan bu statusdan yararlana biləcək dünyanın 9 ölkəsi siyahısına daxil edilib. Bundan əlavə, Qırğızıstan 8000-ə yaxın malın güzəştli tariflərlə bazara çıxmasına imkan verən "İnkişaf etməkdə olan Ölkələrin Ticarət Sxemi"nə (DCTS) daxildir.
Japarov həmçinin qeyd edib ki, hazırda dünya iqtisadi mərkəzi tədricən cənub-şərqə, Asiyaya doğru dəyişir.
"Son 20 ildə Mərkəzi Asiya ölkələrinin ÜDM-i 7,5 dəfə artıb, orta artım tempi isə 6,2% təşkil edib. Bu, inkişaf etməkdə olan ölkələrlə müqayisədə yüksəkdir və bütövlükdə dünya iqtisadiyyatı ilə müqayisədə artım iki dəfədən çoxdur. Əminəm ki, ticarət yolları və malların tədarükü regionumuza doğru dəyidikcə Mərkəzi Asiyanın qlobal bazara töhfəsi artmaqda davam edəcək. Bu kontekstdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsi təkcə bu üç ölkə üçün deyil, bütün region ölkələri üçün böyük əhəmiyyət kəsb edir", - deyə baş nazir vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.