BAKI, 16 avqust — Sputnik. Rusiya hökuməti beş Xəzəryanı ölkə tərəfindən 2012-ci ildə Moskvada imzalanmış Xəzər dənizinin quru mənbələrdən çirklənmədən qorunmasına dair Protokolu ratifikasiya edib. Bu barədə Rosprirodnadzorun rəhbəri Svetlana Radionova Telegram kanalında məlumat verib.
"Xəzərin ekoloji təhlükəsizliyinin təmin edilməsi ölkəmizin prioritet istiqamətlərindən biridir. Dünən Rusiya hökuməti Çərçivə Konvensiyasına uyğun olaraq Xəzər dənizinin quru mənbələrindən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən qorunmasına dair protokolu ratifikasiya edib. Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə sənədi baş nazir Mixail Mişustin imzalayıb", - Radionova yazıb.
Protokol 2012-ci ilin dekabrında Moskvada imzalanıb. Sənədin məqsədi dəniz mühitinin quruda olan mənbələrdən və quru fəaliyyətlərindən çirklənmənin qarşısını almaq, azaltmaq, nəzarət etmək və mümkün qədər aradan qaldırmaqdır. Bu protokolun ratifikasiyasının dəniz sularında və onun sahil zonasında iqtisadi fəaliyyətlərin həyata keçirilməsində ən yaxşı mövcud texnologiyaların və ekoloji təcrübələrin istifadəsinə yardım edəcəyi planlaşdırılır.
Bundan başqa Xəzər dənizinin dəniz mühitinin və sahilyanı ərazilərinin fiziki, bioloji və kimyəvi xüsusiyyətlərinə, o cümlədən quru mənbələrindən dənizə daxil olan çirkləndiricilərin həcminə dair məlumat bazası yaradılacaq. Bu, Xəzər dənizinin dəniz mühitinin və sahilyanı ərazilərinin vəziyyətinin müntəzəm qiymətləndirilməsinə, onun sahil xətti boyunca dənizin çirklənmə səviyyəsinin qiymətləndirilməsinə imkan verəcək.
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası 2003-cü ilin noyabrında beş Xəzəryanı ölkə: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri tərəfindən imzalanıb. Konvensiyanın məqsədi Xəzər dənizinin dəniz mühitini çirklənmədən qorumaq, o cümlədən onun bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadəsidir.