BAKI, 16 avqust — Sputnik. Azərbaycanda dərman istehsalı artıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 5 milyon 711,4 min manat dəyərində dərman istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur.
01.08.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 247,9 min manat təşkil edib.
Qeyd edək ki, rəsmi statistikaya görə, son bir ildə Azərbaycanda dərmanların qiyməti 17,8 faiz bahalaşıb.
Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda "Diamed" dərman istehsalı zavodunun açılışında iştirak edib.
Zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.