BAKI, 13 avqust - Sputnik. Arıqlamaq istəyənlərin bir çoxu müəyyən çəkidən xilas olduqdan sonra sürətli şəkildə yenidən kökəlməyə başlayırlar.
Rusiyalı həkimlər bu cür arzuolunmaz hallardan uzaq olmağın yollarını açıqlayıblar.
Onlar bildiriblər ki, arıqladıqdan sonra qısa müddətdə itirilən çəki yenidən bərpa olunur.
Həkimlərin sözlərinə görə, bir çox qidaların qəbulunu məhdudlaşdıran dietalar həddindən artıq təhlükəlidir. Onlaırn sözlərinə əsasən, arıqlama zamanı pəhriz menyusundakı qida dəyəri günlük 1200 kilokaloridən azdırsa, hüceyrənin enerji ehtiyacları yavaş-yavaş bərpa olunduqda çəki qısa zamanda bərpa olunur və artıq kalorilər dərhal yağ toxumasına çevrilir. Buna görə də həkimlər ayda 2 kiloqram arıqlamağı hədəf alan pəhrizləri məsləhət görür.
Onlar bildirir ki, bütün bunlarla yanaşı normal yuxu rejimi də çəkini olduğu kimi saxlamağa kömək edir. Bundan başqa, həkimlər əldə olunan ideal çəkinin qorunub saxlanılması üçün müntəzəm fiziki fəaliyyətlə məşğul olmağın vacib olduğunu vurğulayırlar.