"Okean mənşəli dünyanın ən böyük daxili su hövzəsi olan Xəzəri haqlı olaraq əsl relikt və heyrətamiz təbiət abidəsi adlandırmaq olar. Bu günədək qorunub saxlanılan ən zəngin flora və fauna aləmi bütün bəşəriyyətin mülkiyyətidir. Dənizin dərinliklərində və sahilyanı ərazilərdə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edilmiş 500-dən çox bitki və 850 növ heyvan, o cümlədən nadir və endemik növlər yaşayır", - deyə nazirlik rəsmisi bildirib.
"XX əsrdə səviyyənin ən aşağı göstəricisi 1977-ci ildə, yəni dəniz səviyyəsindən 29 metr aşağı qeydə alınıb. Lakin, 1995-ci ilə qədər sonrakı onilliklərdə, nisbətən qısa müddətdə səviyyə -26,5 metr həddinə çatıb. Bu da 18 il ərzində səviyyənin 2,5 metr yüksəlməsini göstərirdi. 1995-ci ildən bu günədək 28 ildir ki, Xəzər yenidən səviyyəsinin aşağı düşməsi mərhələsindədir".
"Xəzərin qapalı su hövzəsi olduğunu nəzərə alaraq, çay axını, yağıntı miqdarı və buxarlanma üzərində aparılan hesablamalarla onun su balansının proqnozu verilə bilər. Lakin, həmin komponentlərin hər birinin proqnozunda çox böyük qeyri-müəyyənliklərlə üzləşirik. Alimlər Xəzərə axan çayların sululuğunu bilsələr də, əslində bu suyun nə qədərinin dənizə çatacağı məlum deyil. Həmçinin qeyri-iqlim amillər, məsələn, Xəzərin dibində tektonik proseslər də baş verir. Bu baxımdan, dəniz səviyyəsinin real azalması ilə bağlı gələcək tendensiyaların proqnozlaşdırılmasında yalnız iqlim modelləşdirməsinə etibar etmək kifayət deyil. Hələ ki, heç kim Xəzər dənizinin səviyyəsinin uzunmüddətli dəqiq dinamikasını proqnozlaşdıra bilməyib", - deyə U.Tağıyeva bildirib.