BAKI, 10 avqust — Sputnik. Azərbaycan millisinin yeni rusiyalı legioneri Minskdə keçirilən MDB Oyunlarında ölkəmizə qızıl medal qazandırıb.
Bu günlərdə Belarusun paytaxtında keçirilən MDB Oyunlarında Azərbaycanın doqquz sərbəst güləşçisi xalça üzərinə çıxıb. Onlardan 6-sı medal qazanıb.
Beləliklə, Cəbrayıl Hacıyev (74 kq) və Arseni Djioyev (86 kq) qızıl medalın sahibi olublar. Yeri gəlmişkən, sonuncu ağır çəki dərəcələrini gücləndirmək üçün baş məşqçi Xetaq Qazyumov tərəfindən milliyə cəlb edilmiş, əslən Rusiyadan olan Azərbaycan millisinin yeni legioneridir. 20 yaşlı sərbəst güləşçinin uğurlarına yeniyetmələrin Rusiya çempionatında qazandığı qələbə və "Qran Pri İvan Yarıgin" bürünc medalı da daxildir.
Qeyd edək ki, Ayxan Abdullazadə (61 kq), Murat Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Rəşid Babazadə (65 kq) isə bürünc medal qazanıblar.
Bundan əvvəl yunan-Roma güləşçiləri MDB Oyunlarında mübarizə apararaq beşi gümüş, dördü bürünc olmaqla doqquz medal qazanıblar.
Azərbaycan milli komandasının aktivində hazırda 33 medal var ki, onlardan yeddisi qızıl, doqquzu gümüş və 17-si bürüncdür. Ölkəmiz medal sıralamasında Özbəkistandan iki qızıl medalla geri qalaraq dördüncü yerdədir.
Yarışın ilk üç medal sıralaması belədir: Rusiya - 153 (77, 55, 26), Belarus - 122 (27, 34, 61), Özbəkistan - 48 (9, 13, 26).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.