BAKI, 10 avqust - Sputnik. Malayziyanın Daxili İşlər Nazirliyi İsveçrənin “Swatch” şirkətinin ölkədə LGBT simvollarının təsviri olan saat və aksesuarların saxlanmasını, satışı və istifadəsini qadağan edib. Bu barədə TASS BERNAMA agentliyinə istinadən məlumat yayıb.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Malayziyada belə məhsulların saxlanması, satışı, istehsalı və paylanması qəti qadağandır.
“Bu şəkillər [Swatch məhsullarında olan - red.] ölkədə geniş ictimaiyyətin qəbul etmədiyi LGBT hərəkatını dəstəkləmək, təbliğ etmək və normallaşdırmaqla mənəvi, ictimai və milli maraqlara zərər verdiyi və ya zərər verə biləcəyi üçün qadağandır”, - deyə nazirliyin bəyanatında deyilir.
May ayında Malayziya hakimiyyəti Swatch mağazalarında reyd keçirərək 160 ədəd LGBT təbliğat saatını müsadirə edib.
Əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə eynicinsli münasibətlər 20 ilə qədər həbs cəzası ilə cəzalandırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.