AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatını pislədilər

Bəyanatda qeyd olunur ki, məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Azərbaycanın QHT qrupunun yaratdığı "Environmental Protection First" Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddə yerləşən Arazdəyəndə (Yerasx) inşa edilən metallurgiya zavoduna reaksiyasını pisləyib.
Bu barədə Koalisiyanın bəyanatında deyilir.
Koalisiya Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olan həm yerli, həm də xarici şirkətləri ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini və bununla bağlı məlumatları ictimaiyyətə açıq etmək üçün dərhal öz rəsmi internet saytlarında dərc etməyə çağırıb. Bəyanatda qeyd olunur ki, məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir.

"Məlumatı gizlətmək insan hüquqlarının pozulmasıdır", - bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan bu məsələnin təsir göstərdiyi şəxslərə zavodun fəaliyyəti haqqında məlumat ala bilmələri, qərarların qəbulu proseslərində və ətraf mühitə dəyəcək hər hansı zərərin aradan qaldırılması zamanı iştiraklarını təmin etmək öhdəliklərini yerinə yetirməyə borcludur.
"Environmental Protection First" Koalisiyası hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) prinsiplərinə əsasən, şirkətlərin insan hüquqlarına hörmət etməsi, ətraf mühitə mənfi təsirlərin qarşısını alması zəruridir: "Biz Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisində iştirak edən bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və bunları istehsalat təcrübələrində tətbiq etməyə çağırırıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.