İDMAN

“Qarabağ” və “Neftçi”nin oyunlarına görə metro gücləndirilmiş rejimdə çalışacaq

Sərnişinlərin rahat və təhlükəsiz daşınması məqsədilə qatarların hərəkəti intensivləşdiriləcək. Bu məqsədlə ehtiyat qatarlardan istifadə olunacaq.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Sabah "Qarabağ" Futbol Klubunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi beynəlxalq oyunla əlaqədar idman arenası yaxınlığında yerləşən "Gənclik" metrostansiyasının iş rejiminə dəyişiklik ediləcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Metropolitenin kütləvi-mədəni tədbirlərlə əlaqədar əməliyyat planı əsasında qarşılaşmanın başlanma saatına doğru stansiyada gücləndirilmiş rejim tətbiq olunacaq. Əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək, stansiyadan stadiona yollanacaq sərnişinlər yönləndiriləcək, onların rahatlığı və təhlükəsizliyi məqsədilə tənzimləmə işləri görüləcək.
Futbol oyunu başa çatdıqdan sonra arenadan gələn sərnişin axınının tənzimlənməsi və nizamlı hərəkətinin təşkilinə diqqət yetiriləcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınması məqsədilə qatarların hərəkəti intensivləşdiriləcək. Bu məqsədlə ehtiyat qatarlardan istifadə olunacaq.
Həmin gün "Neftçi" Futbol Klubunun "Neftçi Arena"da keçiriləcək beynəlxalq oyununa da maraq nəzərə alınaraq, "Xalqlar dostluğu" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək.
Ümumən, yay qrafikinin tələbləri qüvvədə saxlanılmaqla, gün ərzində stansiyaların iş rejimi, sərnişin axını və qatarların hərəkəti nəzarətdə saxlanılacaq, lazım olan vaxt xəttə ehtiyat qatar çıxarılacaq.
Xatırladaq ki, "Neftçi" UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində avqustun 10-da saat 21:00-da "Neftçi Arena"da qardaş Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq.
"Qarabağ" klubu Finlandiya çempionu HİK-i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Avqustun 10-da keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq.