BAKI, 9 avqust — Sputnik. Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Böyük Britaniyada 25 milyon dollarlıq əmlakı müsadirə edilib.
Bu barədə Böyük Britaniya hökumətinin korrupsiya və irimiqyaslı dələduzluq əməllərinin təhqiqatı üzrə departamenti (Seriuos Fraud Office - SFO) məlumat yayıb.
Kərimovanın müsadirə olunmuş əmlaklarına Londonun Belqraviya bölgəsində yerləşən iki mənzil və Surrey qraflığındakı malikanə daxildir.
Qeyd olunub ki, Kərimova 2004-2012-ci illərdə telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxmağa kömək etmək üçün yüz milyonlarla dollar rüşvət alıb.
SFO-dan bildirilib ki, Böyük Britaniyada korrupsiyanın kökünü kəsmək üçün davam etdirilən işlərdə irəliyə doğru bir addım olacaq.
Xatırladaq ki, 2015-ci ilin avqust ayında Gülnarə Kərimova hədə-qorxu ilə pul tələb etmək və vergidən yayınmaq ittihamı üzrə təqsirli bilinib. 2017-ci il dekabrın 18-də isə o, digər cinayət işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Özbəkistanın Baş Prokurorluğu və Ədliyyə Nazirliyi Gülnarə Kərimovanın aktivlərinin qaytarılması məsələsi ilə bağlı bir sıra xarici dövlətlərlə, o cümlədən ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviya ilə iş aparır.