RUSİYA

Rusiya Azərbaycandan gətirilmiş 36 ton təzə moruğu niyə ölkəyə buraxmayıb?

AQTA bildirib ki, moruq partiyaları geri qaytarıldıqdan sonra etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq yenidən Rusiyaya göndərilib.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində bu ölkəyə ixrac olunan 36 ton təzə moruq məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
AQTA-dan verilən məlumata görə, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub:
“Moruq partiyaları geri qaytarıldıqdan sonra etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq, məhsul 2023-cü il 8 avqust tarixində yenidən Rusiya Federasiyasına ixrac edilib”.
***
Azərbaycandan Rusiyaya 2 partiyada 36 ton təzə moruğun ixracının qarşısı alınıb.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Məlumata görə, Azərbaycandan gətirilmiş məhsulu Rusiyanın karantin fitosanitar tələbləri pozulduğuna görə, iki ölkənin sərhədində "Rosselxoznadzor"un Dağıstan üzrə idarəsinin əməkdaşları saxlayıb.
Yoxlamalar zamanı etiket məlumatı ilə fitosanitar sertifikat arasında uyğunsuzluq müəyyənləşdirilib. Məhsulları daşıyan yük maşınları Azərbaycana geri qaytarılıb.
Təqsirkarlar barədə Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 10.2-ci "Karantin altında olan məhsulların (karantin materialı, karantin yükü) idxalı və ixracı qaydalarının pozulması" maddəsi ilə inzibati iş başlanılıb.
CƏMİYYƏT
Rusiyaya göndərilən pomidor və çiyələk niyə geri qaytarılıb: AQTA səbəbi açıqladı