MƏDƏNİYYƏT

Qrafik-dizayner Sovet dövründə nümayiş olunan filmlərin afişalarını bərpa edib

Qrafik-dizayner Rəsul Həsən Sovet dövründə çəkilmiş və həmin illərdə xarici ölkələrdə nümayiş olunan filmlərin afişalarını sosial media hesabında paylaşıb. Həmin posterlərin bir qismi keçmiş Sovet ölkərindən, digər qismi isə Avropa ölkələrindən əldə edilib.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Qrafik-dizayner Rəsul Həsən Milli kinomuzun 125, "Azərbaycanfilm" kinostudiyasının yaranmasının 100 illiyi ilə bağlı sosial media hesabında maraqlı paylaşım edib.
Belə ki, qrafik-dizayner 1990-cı ilə qədər sərhədləri aşmış filmlərin ("Əhməd haradadır?", "Dərviş Parisi partladır", "Burulğan", "Bağlı qapı", "Gənc qadının kişisi", "Köhnə bərə", "Yol əhvalatı", "Koroğlu", "Arşın mal alan", "Tütək səsi", "Sevil", "Torpaq. Dəniz. Od. Səma", "Onun böyük ürəyi", "Romeo mənim qonşumdur", "Telefonçu qız", "Bir qalanın sirri", "Qaladan tapılan mücrü", "Babək", "Qərib cinlər diyarında" və "Nəsimi") afişalarını paylaşıb.
Həmin filmlər keçmiş Sovet ölkələri ilə yanaşı, bəzi Avropa ölkələrində (Çexiya, Almaniya, Böyük Britaniya, Macarıstan, Polşa, Ruminiya, Serbiya) eyni zamanda, Türkiyədə nümayiş olunub. Sözügedən filmlərin afişaları da nümayişi baş tutan ölkələrin rəssamları tərəfindən hazırlanıb.
Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən dizaynerin sözlərinə görə, həmin afişaların böyük bir qismini xarici ölkələrdən əldə edib:
"Bəzilərini özüm, bəzilərini də xaricdə olan həmvətənlərimiz hərraclardan alıb mənə göndəriblər. Mən də onları bərpa etmişəm. Olduqca unikal, dövrümüzlə səsləşən işlərdir. Həmin posterlərin müəllifləri də xaricilərdir. Bu gün Azərbaycanda çəkilən filmlərin posterləri heç bunlar qədər qeyri-adi deyil".
Rəsul Həsən bu layihəni daha geniş formatda təqdim etmək istəsə də, maddi çətinliyə görə istəyini hələlik reallaşdıra bilmir. O, bu məsələ ilə bağlı bəzi qurumlara müraciət edib, amma müsbət cavab ala bilməyib:
"Bu il onların sərgisini etmək planım var idi, təəssüf ki, müəyyən səbəblərdən alınmadı. Ona görə də onların bir qismini virtual olaraq təqdim etdim. Olduqca unikal posterlər var. Mən həmin işləri sərgiləmək üçün Azərbaycan Kinematoqrafçılar İttifaqına və "Azərbaycanfilm" kinostudiyasına müraciət etdim. Onlar dedilər ki, buna imkanımız yoxdur. Mən də hələlik saxlamışam, nə vaxtsa maddi imkanım çatar, onda edərəm".
MƏDƏNİYYƏT
Rasim Balayev: Kreditini düşünən aktyor öz rolunu necə oynaya bilər?