BAKI, 8 avqust — Sputnik. Özbəkistan Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu və təşəbbüslərini yüksək qiymətləndirir.
Bunu Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda keçirilən Dəyirmi masada Özbəkistan Xarici İşlər Nazirliyinin İnformasiya-Analitika Departamentinin direktoru Fərrux Tursunov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın inkişafının ən mühüm hərəkətverici qüvvəsi Azərbaycan və Özbəkistan prezidentləri arasında etimada əsaslanan münasibətlərdir.
O bildirib ki, ölkələr arasında hökumətlərarası və parlamentlərarası dialoq fəal inkişaf edir, iqtisadi və humanitar-mədəni əlaqələr dərinləşir.
F.Tursunov regional məsələlərdə, məsələn, Orta Dəhlizin inkişafında qarşılıqlı dəstəyin vacibliyindən də danışıb: "Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü və onun Cənubi Qafqazda təhlükəsizliyi və sülhü təmin etmək səylərini dəstəkləyir" (Report).