İDMAN

"Neftçi" "Beşiktaş"la keçiriləcək oyun ərəfəsində azarkeşlərə müraciət edib

"Neftçi" azarkeşləri üçün nəzərdə tutulacaq sektorlarda təhlükəsizlik məqsədilə İstanbul klubunun forması və ya digər atributunu daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq.
Sputnik
BAKI, 8 avqust — Sputnik. "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin "Beşiktaş" klubu ilə Bakıda keçiriləcək ilk oyun ərəfəsində azarkeşlərə müraciət edib.
Azərbaycan təmsilçisi bununla bağlı bəyanat yayaraq, hər iki komanda azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və oyun zamanı onlar arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görüləcəyini vurğulayıb.
Qeyd olunub ki, görüşə olan böyük marağı nəzərə alaraq, "Neftçi Arena"da baş tutacaq qarşılaşmada İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq: "Beşiktaş" azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır. "Neftçi" azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədilə İstanbul klubunun forması və ya digər atributunu daşıyan azarkeşlərin, o cümlədən, "Neftçi"yə aid olmayan, digər komandalara məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin şəxslər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaqlar. "Neftçi" PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq".
Qeyd edək ki, avqustun 10-da keçiriləcək "Neftçi" – "Beşiktaş" matçının biletləri bu gün "itikcet.az" saytında satışa çıxarılacaq.