TƏHSİL

Azərbaycanda dərslər sentyabrın 15-də başlayacaq

Hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
"Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib" - nazirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, bir müddətdir ki, sosial şəbəkələrdə dərslərin sentyabrın 1-dən başlanacağı haqda müəyyən məlumatlar yayılıb.
Əvvəllər ölkədəki iqlim şəraitinin dərslərin sentyabrın 15-də başlamasına daha münasib olması mövqeyindən çıxış edən Təhsil Nazirliyi son vaxtlar fərqli münasibət ortaya qoyur. Belə ki, Elm və təhsil naziri Emin Əmrullayev may ayında keçirdiyi brifinqdə məktəblərdə dərslərin sentyabrın 1-dən başlamasının daha məqsədəuyğun olduğunu bildirib. Həmçinin ümumilikdə tədris prosesinin daha uzunmüddətli olmasını nəticəlilik baxımından daha düzgün hesab edib.
"Dünyada tədris ilinin uzun olması bəzi ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu, kurikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biri hesab edilir" - nazir bildirib.
TƏHSİL
Əhalinin əksəriyyəti dərs ilinin sentyabrın 1-də başlamasını istəyir - SORĞU