BAKI, 7 avqust — Sputnik. Son vaxtlar dünyanın müxtəlif yerlərində baş verən zəlzələlər ciddi fəsadlar törədir. İnsanları düşündürən daim bir sual olur ki, görəsən zəlzələlərin ağır nəticələrindən yayınmaq üçün onu əvvəlcədən müəyyənləşdirmək mümkündürmü?
Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı zəlzələlərə bağlı sualları cavablandırıb.
Dünyanın bir çox ərazilərində seysmoaktiv bölgələrin olduğunu bildirən şöbə müdiri deyib ki, Azərbaycan da seysmoloji aktiv zonada yerləşən ölkələr sırasındadır. Ümumiyyətlə, Cənubi Qafqaz ölkələri seysmik baxımdan aktiv zonada yerləşir ki, həmin bölgələrdə zəlzələlərin baş verməsi təbii haldır. Çünki söhbət seysmoaktivlikdən gedirsə, seysmik bölgədə müəyyən bir dövrdə zəlzələ ocaqlarında aktivlik baş verir. Təbi ki, bu aktivləşmələr hansısa səviyyədə zəlzələlərlə müşayiət olunur.
Zəlzələnin təbii fəlakətlər içində ən dəhşətli və böyük dağıntı yarada bilən təbiət hadisəsi olduğunu söyləyən şöbə müdiri deyib ki, insan tərəfindən zəlzələnin qarşısının alınması mümkün deyil. Zəlzələnin təsirinin azaldılması isə xırda texnogen hadisələrlə bağlıdır. Həmçinin seysmoaktiv bölgələrdə geoloji quruluşu müxtəlif olan ərazilərdə hansısa tikintilər aparılarkən həmin ərazilər öyrənilməli, yer qatında süxurların tərkibi tədqiq olunmalıdır. Zəlzələ dalğalarının sürətinin süxurlarda keçirməsi müxtəlifdir, bircinsli deyil. Bundan əlavə, qrunt sularının səviyyəsi öyrənilməlidir ki, həmin ərazidə zəlzələ olarsa, çox böyük fəsadlara yol açmasın.
“Azərbaycanda və dünyada elm adamları zəlzələni təxmin etmək üçün hansı işlər görüblər?" sualına cavab verən Vüsalə Rafiqqızı bildirib:
“Azərbaycanda və dünyanın inkişaf etmiş ölkələrində zəlzələlərin öyrənilməsi üçün davamlı olaraq müşahidələr aparılır. Məsələn, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası mövcuddur. Dünyada 6 böyük beynəlxalq seysmoloji təşkilat var. Ölkəmiz onların hamısında təmsil olunur və stansiyalarımız ən müasir texnologiyalarla işləyir. Telemetrik seysmik stansiyalar vasitəsilə müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir".
Onun sözlərinə görə, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir:
Diqqətə çatdırılıb ki, bundan əlavə, yerin qravitasiya sahəsi, maqnit anomaliyalarının dəyişməsi öyrənilir, kompleks şəkildə təhlil olunur. Amma hansısa bölgədə seysmoaktivlik baş verirsə, orada anomaliya və təcil dəyişir. Bu aktivlik isə müəyyən bir mərhələyə qədər davam edə bilər. Onun nə qədər davam edəcəyini isə bilmək olmur. Amma ola bilər ki, orada aşağı və orta maqnitudalı zəlzələlər baş versin. Yaxud da çoxlu kiçik təkanlı, hiss olunmayan zəlzələlər olsun. Yeraltı təkan baş verdikdən sonra avterşoklar gedir, tədricən isə zəlzələnin ocağı sönməyə başlayır və vəziyyət fon səviyyəsinə gəlib çatır. Aktivləşmə növbəti dəfə başlayanda elm adamları bilirlər ki, hansısa aktiv bölgədə gərginlik, aktivlik artır.
“Avropa Aralıq Dənizi Beynəlxalq Seysmoloji Təşkilatın rəhbəri də qeyd edib ki, dünyadakı reytinq cədvəlində Azərbaycan seysmologiya üzrə ilk beşlikdədir. Bunun da əsas səbəblərindən biri odur ki, Respublika Seysmoloji Xidmət Mərkəzi davamlı olaraq tədqiqatlarının sahəsini genişləndirərək, xarici elm adamları ilə əməkdaşlıq edir. Belə ki, ABŞ-ın Missuri, Kolumbiya, Massaçusets, Böyük Britaniyanın Oksford Universiteti və dünyadakı digər qabaqcıl təhsil müəssisələri, həmçinin Yaponiyanın seysmoloji təşkilatları ilə əməkdaşlığımız var. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Böyük Britaniyanın Oksford Universiteti ilə də birgə tədqiqatlar aparıb. Belə ki, Oksford Universitetinin nümayəndələri Azərbaycanda olub, Göyçay, İsmayıllı, Ağsu rayonları, Şirvan şəhəri və Salyan rayonunun ərazisində birgə paleoseysmoloji tədqiqatlar həyata keçiriblər”, - deyə V.Rafiqqızı əlavə edib.