BAKI, 6 avqust - Sputnik. "Drujba" neft kəmərinin Almaniya istiqamətində olan qollarından biri Polşada sızma səbəbindən müvəqqəti olaraq sıradan çıxıb. Bu barədə Polşanın "Drujba" operatoru PERN öz "Twitter" profilində məlumat verib.
“Avqustun 6-sı axşam saatlarında PERN avtomatlaşdırma sistemləri neftin Almaniyaya daxil olduğu qərb hissəsinin iki xəttindən birində Xodeç rayonunda “Drujba” boru kəmərində təzyiqin azalmasını aşkarlayıb. Tezliklə zədələnmiş xətdə neftin tədarükünün dayandırılması qərara alınıb. Neft kəmərinin ikinci xətti adi qaydada işləyir" - PERN-dən bildirilib.
Həmçinin “Drujba”nın polşalı operatoru əmin edib ki, obyektdə baş verən qəza yerli sakinlərin sağlamlığı və həyatı üçün təhlükə yaratmayıb.
"Polşanın neft emalı zavodları cədvələ uyğun olaraq neft alır", - mətbuat xidməti əlavə edib.
Fəaliyyəti dayanmış hissənin işinin bərpasının təxmini vaxtı açıqlanmayıb.
Bundan əvvəl məlum olmuşdu ki, Almaniya Rusiyadan gələn qazdan imtina etdikdən sonra iqtisadi tənəzzüllə üzləşib. Yapon onlayn nəşri qeyd edib ki, ölkə Qətər və Norveçdən qazı daim artan qiymətlərlə almağa başlayıb.